Mədəmiz qidanı necə həzm edir?

Nəfəs almağınızı, üzməyinizi, velosiped sürməyinizi, qida qəbul etməyinizi düşünün... Bütün bunlar gündəlik həyatın bir hissəsidir. Lakin bütün bunların necə baş verdiyini çox vaxt fikirləşmirik. Orqanizmimizin enerjiyə ehtiyacı var. Bu enerjini qəbul etdiyimiz qidalardan aldığımızı qeyd etmişdik. Amma orqanizmin ehtiyacı olan qidalar qanın içində hərəkət edə biləcək qədər kiçik, sadə hissələr şəklində olmalıdır. Əks halda onlar hüceyrələrin içinə daxil ola bilməz. Lakin bizim qəbul etdiyimiz qidalar böyük hissələr şəklindədir. Bu zaman orqanizmimizin qəbul etdiyimiz qidadan istifadə edə bilməsi üçün bu böyük qida hissələrini həzm edən sistemə ehtiyac yaranır. Əslində, buna qısaca olaraq qəbul etdiyimiz qidanı daha kiçik hissələrə ayıran dəyirman da demək olar. Beləliklə, orqanizmimizdəki bu dəyirmana “həzm sistemi” adı verilmişdir.

 

Bu sistem hər hansı bir aparatda olduğu kimi müxtəlif hissələrdən ibarətdir və bu hissələrin hər biri qüsursuz olaraq işlədiyi üçün qidaları həzm edə bilirsiniz. Həzm sisteminin hissələrinin bir-birinə uyğun şəkildə olması çox əhəmiyyətlidir, əks halda sistem işləmir.

 

İndi isə sistemin işləyə bilməsi üçün hər bir hissənin yerli-yerində olmasının əhəmiyyətini daha aydın başa düşəsiniz deyə örnək verək.

 

Uzaqdan idarə olunan avtomobil təkərlər, idarəetmə pultu, mühərrik, batareyalar, dişli çarx, baraban və anten kimi müxtəlif hissələrdən ibarətdir. Həzm sistemində də eyni şəkildə müxtəlif hissələr var. Bunlar mədə, qida borusu, dişlər, dil, bağırsaqlar kimi müxtəlif orqanlarımızdır.

İndi isə uzaqdan idarə olunan avtomobilin antensiz və ya təkərlərsiz hərəkət etdiyini düşünək. Əlbəttə ki, bu mümkün deyil. Avtomobil yalnız bütün hissələri birlikdə olduğu zaman işləyir. Beləliklə, həzm sisteminin şalıçması üçün də bütün hissələr olmalıdır. Qida borusu olmadan mədənin olması mənasızdır. Çünki qidanı mədəyə aparan qida borusudur. Və ya mədə olmadan bağırsaqlar heç bir işə yaramaz. Çünki mədədə həzm edilən qidalar bağırsaqlara keçərək hüceyrələrimizi qidalandaracaq hala gətirilir.

 

Haqqında danışdığımız bu sistem göstərir ki, hər şeyin yaradıcısı olan Rəbbimiz bizim üçün hər yöndən qüsursuz bir sistem yaratmışdır. Bu bir daha sübut edir ki, Rəbbimizdən başqa Tanrı yoxdur. Bir ayədə Allah belə buyurur:

 

“Sizin Tanrınız ancaq o Allahdır ki, Ondan başqa heç bir Tanrı yoxdur. O, elmi ilə hər şeyi ehtiva etmişdir!” (Taha surəsi, 98)

 

 

 

 

Həzm mexanizmi fəaliyyətə başlayır...

Qidanın həzmi əvvəl ağızda başlayır. Qəbul etdiyiniz qidaların tərkibində olan karbohidratlar ilk olaraq ağız suyu tərəfindən parçalanır. Məsələn, səhər yeməyində yediyimiz çörək ağzımızda parçalanmağa başlayır. Lakin onunla birlikdə yediyimiz pendirin parçalanması üçün bir qədər zaman tələb olunur.

 

Ağızda parçalanan qidalar qida borusuna keçərək mədəyə gəlir. Mədədə isə digər ideal tarazlıqla qarşılaşır. Qidaların mədədəki həzmi parçalayıcı qüvvəyə malik olan güclü bir maye tərəfindən həyata keçirilir. Bu maye mədədəki xlorid turşusudur. Bildiyiniz kimi, turşuların parçalayıcı təsiri var. Toxunduqları yeri yandırıb əridirlər. Məsələn, yolu tıxanmış əlüzyuyanı açmaq üçün ananızın istifadə etdiyi vasitələrin tərkibində turşu var. Bu turşular borularda qalmış qida qalıqlarını və çirki dərhal parçalara ayırıb tıxanmış yerləri açır. Beləliklə, mədəmizdə olan bu güclü turşular sayəsində də böyük parçalar şəklində mədəyə gələn qidalar orqanizmin istifadə edə biləcəyi vəziyyətə gətirilir. Lakin burada diqqət edilməli olan başqa məqam var.

 

Qəbul etdiyimiz qidanı mədədəki turşunun parçalamasından bəhs etdik. Bəs nə üçün bu turşu özü də ətdən ibarət olan mədəmizi parçalamır? Fikirləşin, məsələn, axşam yeməyində yediyiniz əti mədənizdəki turşu həzm etdiyi halda, bəs ətdən olan mədənizin özünü niyə “görmür”? Bax, Rəbbimizin yaratdıqlarındakı qüsursuzluq burada da ortaya çıxır. Hər şeyi ideal yaradan Allah bu sistem içərisində mədənin özünün həzm olunmasının qarşısını alan müdafiə sistemini də yaratmışdır.

 

Bu müdafiə belə baş verir: həzm əsnasında mədə turşusunun mədəni parçalamasının qarşısını almaq üçün “mukus” adlanan başqa maye ifraz olunur. Bu maye mədənin daxili divarını tamamilə örtür və mədə turşusunun mədəyə zərər verməsinin qarşısını alır. Beləliklə, mədənin öz-özünü həzm etməsinin qarşısı alınır.

 

Qidanın mədədə növbəti dayanacağı isə bağırsaqlardır. Nazik və yoğun olmaqla iki növ bağırsaqdan keçən qidalar bu yol boyu daha kiçik parçalara ayrılır və yenidən orqanizmin istifadə edəcəyi vəziyyətə gəlir. Bu qidaların əhəmiyyətli hissəsi nazik bağırsaqdan qanın tərkibinə keçir və lazımsız olanları isə xüsusi ifrazat sistemi vasitəsilə bədəndən xaric olunur. Qəbul etdiyimiz qidaların bağırsaqda keçirdiyi mərhələlər də çox əhəmiyyətlidir. Mədədə olduğu kimi, nazik bağırsaqda da həzm davam edir. Qidalar daha kiçik parçalara ayrılır. Burada qida artıq o qədər kiçilmişdir ki, bağırsaqların ətrafındakı incə qan damarlarının içinə girib qan vasitəsilə orqanizmin hər tərəfinə çatır.

 

Uşaqlar, diqqət etdinizsə, orqanizminizin həzm mexanizmi qüsursuz şəkildə planlaşdırılmışdır. Ağızdan başlayaraq qida borusu, mədə və bağırsaqlar boyu davam edən bu yol əsnasında yediyimiz qidalar müxtəlif mərhələlərdən keçir. Və nəticədə hüceyrələrimizin ehtiyacı olan qidalar əldə edilir. Bunlar da bağırsaqlardan qan yolu ilə orqanizmə göndərilir.

 

Hər şeydən əvvəl əgər dişlərimiz olmasaydı, qidaları kifayət qədər parçalaya bilməzdik və qida boğazımızdan keçməzdi. Keçsələr belə, qida borusunda böyük bir əngəl törətmiş olardılar. Əgər mədəmiz qidaları həzm edib parçalama xüsusiyyətinə malik olmasaydı, qəbul etdiyimiz hər qida kütlə halında mədədə qalıb narahatlığa səbəb olardı. Bundan əlavə qidaların həzm edilməməsi orqanizmimizin qidalanmaması deməkdir. Qidalanmayan orqanizm də bir müddət sonra bütün gücünü itirir və hüceyrələr ölməyə başlayır. Lakin biz bu ehtimallarla qarşılaşmırıq. Çünki Rəbbimiz orqanizmimizdəki hər parçanı nöqsansız yaratmışdır. Bu mükəmməl sistem biz hiss etmədən işləyir. Allah yaratdığı varlıqlarda olan qüsursuzluğu bir ayədə aşağıdakı kimi bildirir:

 

“O, yaradan, yoxdan var edən və surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvə və hikmət sahibidir!” (Həşr surəsi, 24)