Qanın damarlardakı dövranı

Əvvəlki səhifələrdə orqanizmimizin hər tərəfini əhatə edən nəhəng sinir sistemindən bəhs etmişdik. Orqanizmimizi əhatə edən başqa bir möcüzəvi sistem daha var. Bu da qan damarlarının əmələ gətirdiyi sistemdir. Qan damarları da sinir sistemi kimi orqanizmin hər tərəfini dolaşır. Hətta damarlarımız o qədər uzundur ki, onları düz bir sahədə açsaq, uzunluğu təxminən 100 min kilometr olar. Əslində, qan damarlarının orqanizmimizin hər tərəfini əhatə etdiyini anlamaq çətin deyil. Orqanizmimizin hər hansı bir yerində kiçik kəsik olsa, o yerdən dərhal qan çıxır. Bu, qan damarlarının sizin hər yerinizi əhatə etdiyini göstərir. Qan damarlarının orqanizmin hər yerində olması çox əhəmiyyətlidir. Çünki əvvəlki hissədə də qeyd etdiyimiz kimi, qan damarları vasitəsilə hüceyrələrin ehtiyac duyduğu qidalar daşınır. Hüceyrələrin fəaliyyəti üçün lazım olan oksigen də damarlarda axan qan vasitəsilə hüceyrələrə çatdırlır.

 

Qan damarlarındakı qidaların daşınmasını gəmilərin dəniz vasitəsilə yük daşımalarına bənzətmək olar. Gəmilərdə yük daşınacağı zaman gəmini əvvəlcə limanda yükləyirlər. Buna görə qablaşdırılma və yerləşdirilmə aparılmalıdır. Yükləmə bitdikdən sonra isə gəmi dənizə çıxır və yükü çatdıracağı limana doğru hərəkət edir. Limana çatdığı zaman bağlamalar boşaldılır və müvafiq mərkəzlərə göndərilir. Qan damarlarında da nəhəng okeanda gəmilərin yük daşıması kimi hüceyrələrin ehtiyacı olan qidalar daşınır. Oksigen, yağ, amin turşuları bağlama şəklində qanda hərəkət edir və lazımi hüceyrələrə çatanda boşaldılır. Bu daşıma sistemində heç bir səhv olmur. Hər bir maddə hüceyrəyə vaxtında və miqdarında çatdırılır. Bunun əksinə, bir hüceyrəyə oksigen əvəzinə yağ getsəydi, bu həmin hüceyrənin ölməsinə səbəb olardı. Diqqət edirsinizsə, hətta bu sistemdəki ən kiçik qüsur da böyük zərərlərə gətirib çıxara bilərdi. Lakin bu qüsur baş vermir. Çünki bunların heç biri təsadüfən əmələ gəlməmişdir. Bizi yaradan Allah bu sistemi də qüsursuz olaraq yaratmış və bizim ixtiyarımıza vermişdir.

 

 

Qanın tərkibində nə var?

Qan bütün orqanizmi dolaşdığı üçün onun çoxlu başqa funksiyaları da var. İndi bunların hansı funksiyalar olduğuna qısaca nəzər yetirək.

 

 

Yükdaşıma

Orqanizmimizin ehtiyacı olan hər bir maddənin qan vasitəsilə lazımi orqanlara çatdırıldığından bəhs etmişdik. Qan hüceyrələri bu daşıma əsnasında karbon qazı kimi artıq maddələri də toplayır və onların bədəndən xaric edilməsi funksiyasını yerinə yetirirlər. Bir mənada qan tullantı toplayan rolu da oynayır. Hər gün 100 trilyon hüceyrəni dəfələrlə dolaşaraq həm ehtiyacları olan qidaları verir, həm də onların tullantılarını yığır.

 

Sadəcə maye olan qan belə diqqət və məsuliyyət tələb edən işi səhvsiz yerinə yetirir. Tərkibində daşıdığı maddələrin hamısının nə olduğunu, nə məqsədlə istifadə edildiyini və hara çatdırılacaqlarını çox yaxşı bilir. Məsələn, bir hüceyrədən tullantı olaraq aldığı karbon qazını səhv olaraq başqa bir hüceyrəyə vermir. Hər zaman hüceyrələrdən karbon qazını alıb onlara oksigeni verir. Qan bu işi heç yorulmadan, səhv etmədən yerinə yetirir. Bunun səbəbi qanın Allahın orqanizmimizdə yaratdığı qüsursuz planın bir hissəsi olmasıdır. Rəbbimizin yaratdığı sistemə qeyd-şərtsiz itaət edən bütün qan hüceyrələri öz funksiyalarını bu səbəblə səhv etmədən yerinə yetirirlər.

 

 

 

Qanın tərkibində olan “əsgərlər”

Orqanizmimiz hər gün çoxlu bakteriya, virus və mikroba qarşı mübarizə aparır. Bəzilərinin orqanizmə daxil olmasının qarşısı alınır, lakin bəziləri orqanizmə daxil ola bilir. Bu mikroblarla mübarizə aparmaq üçün orqanizmimizdə xüsusi qoruyucu hüceyrələr var. Düşmənlə mübarizə aparıb orqanizmimizi təhlükələrdən qoruyan əsgərlər kimi xarakterizə etdiyimiz bu hüceyrələr də qanın tərkibində hərəkət edir. Orqanizmin hər hansı bir yerinə düşmən hücumu zamanı qan damarları vasitəsilə hər yerə çatıb asanlıqla mübarizə apara bilirlər. Qoruyucu hüceyrələr funksiyalarını özləri öyrənməmişlər. Bu hüceyrələr funksiyalarını yarandıqları andan etibarən bilirlər. Siz dünyaya gəldiyiniz zaman onlar funksiyalarını yerinə yetirib orqanizminizi qorumağa başlayırlar. Bu, Allahın yaratmasındakı incəlikdir. Rəbbimiz gözümüzlə görmədiyimiz hüceyrələrə çox əhəmiyyətli məlumatlar ilham etmiş və bu şəkildə onları bizim ixtiyarımıza vermişdir.

 

 

 

Məlumat mubadiləsi

Qan eyni zamanda orqanizmimizin mübadilə vasitələrindən biridir. Qanın tərkibində bir hissədən başqa hissəyə məlumat daşıyan maddələr də olur. Hormon adlandırılan bu xəbərçilər etibarlı poçtalyonlar kimi, daşıdıqları xəbərləri olduğu kimi lazımi orqana çatdırırlar. Orqanizmimizin inkişaf etməsi, susamağımız, tərləməyimiz, qoxuları hiss etməyimiz kimi bir çox əhəmiyyətli funksiya bu xəbərlərin düzgün çatdırılması nəticəsində baş verir.

 

 

 

Yaraları müalicə edən qan

Yəqin ki, dərinizin üzərində kiçik bir yara olduğu zaman qısa zamanda qanaxmanın kəsilməsi diqqətinizi çəkmişdir. Bu, çox maraqlı bir haldır. Çünki normal halda bir mayenin açılan bir deşikdən axmasının öz-özünə dayanması mümkün deyil. Bunu daha yaxşı bilmək üçün əlinizdə içi su ilə dolu bir şarın olduğunu təsəvvür edin. Şara iynə batırıb kiçik bir deşik açdığınız zaman onun içindəki su dərhal sızmağa başlayacaq. Bəs bir qədər sonra siz bu axan suyun qarşısını almasanız, su kəsilərmi? Əlbəttə ki, bu mümkün deyil. Şarın içindəki su qurtarana qədər axacaq. Bu hal qapalı bir yerdə olan bütün mayelərə aiddir.

 

Qan da damarlarda qapalı yerdədir və ən kiçik bir zədə onun damarlardan axmasına səbəb olur. Lakin bu qanaxmanın dayanması orqanizmimizin sağlamlığı üçün çox əhəmiyyətlidir. Bəlkə də eşitmisiniz, böyük avtomobil qəzalarında və ya cərrahiyyə əməliyyatlarında çoxlu qan itirilməsi, hətta insanın ölümünə də səbəb olur. Bəs qanaxma başladıqdan bir müddət sonra bunun qarşısını nə alır?

 

Bunun qarşısını alan orqanizmimizdəki avtomatik təhlükəsizlik sistemlərindən biri olan qan laxtalanmasıdır. Qanın tərkibindəki bəzi maddələr açılan yaranı tıxayıb bağlama xüsusiyyətinə malikdir. Bu şəkildə çoxlu miqdarda qan itirilməsinin qarşısı alınmış olur. Yandakı şəkildə də göründüyü kimi, damarın zədələndiyini görən qanın tərkibindəki bəzi hüceyrələr dərhal bu yerə gəlirlər. Əvvəlcə yara açılmış dəliyə düzülməyə başlayırlar. Burada sanki bir tor qurur və qanın axmasının qarşısını alırlar. Daha sonra bu tor get-gedə sərtləşməyə başlayaraq bizim qaysaq adlandırdığımız hala gəlir.

 

İndi birlikdə düşünək. Bütün bu proseslər təsadüfi ola bilərmi? Qanın tərkibindəki hüceyrələr öz ölçülərinə görə nəhəng sistem olan qan damarlarının müəyyən bir yerində zədə olduğunu necə bilirlər? Nə üçün qanaxmanın qarşısını almağa çalışırlar? Qan itirilməsinin dayandırılması üçün yaranın bağlanması lazım olduğunu necə düşünürlər? Hüceyrələrə yaranı bağlamalı olduqlarını öyrədən kimdir?

 

Bütün bunları hüceyrələrin təsadüfən öyrənməsi və ya öz səyləri ilə etməsi mümkün deyil. Hətta ağıllı insanların da belə incə sistem yaratması, hüceyrələrə nə edəcəklərini öyrətməsi qeyri-mümkündür. Allah onlara ilham edir və beləliklə hüceyrələr qüsursuz bir planla hərəkət edirlər.

Allahın qüsursuz yaratması ayələrdə bizə belə bildirilir:

 

“Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq, çatdaq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!” (Mülk surəsi, 3-4)