Orqanizmin mühərriki: ürək

Orqanizminizdəki litrlərlə qanın aşağı və yuxarı hərəkət etməsinin, həm də bu hərəkətin fasiləsiz getdiyinin səbəbini heç düşündünüzmü? Hər hansı bir əşyanın fasiləsiz olaraq hərəkət etməsi üçün mühərrikə ehtiyacı var. Avtomobillər, təyyarələr, motorlu qayıqlar, hətta sizin kənardan pultla idarə etdiyiniz oyuncaqlarınız da mühərrik sayəsində hərəkət edirlər. Belə olduğu halda, orqanizmimizdə fasiləsiz hərəkət edən qanı da hərəkətə gətirən mühərrikin olması lazımdır. Qanı gecə-gündüz, aylar, illər boyunca hərəkət etdirən bu mühərrik ürəyimizdir.

 

Barmaqlarınızı biləyinizin içinə sıxıb nəbzinizi müşahidə edin. Ürəyinizin qanı necə təzyiqlə vurduğunu hiss edəcəksiniz. Ürəyiniz dəqiqədə 70 dəfə vurur və bütün həyatınız boyu onun vurduğu qanın miqdarı 300 milyon litrə çatır. Bu qədər qan 10 min ədəd neft tankerini doldura bilər. Bütün bu rəqəmlər heyrətamiz deyilmi? İndi özünüzün dəqiqədə 70 dəfə vedrədən stəkanla su boşaltdığınızı təsəvvür edin. Nəhayət, əl və qol əzələlərinizin isindiyini hiss edəcək və dincəlməli olacaqsınız. Lakin ürək bu işi heç dincəlmədən, həm də bütün həyatımız boyu görür.

 

 

 

 

Mükəmməl nasos

Yer üzünün ən ideal nasosu hal-hazırda sol döşünüzün altında fəaliyyətdədir. Ürək ağlasığmaz və fasiləsiz döyüntüləri ilə gün ərzində orqanizmimizdə olan bütün qanın tam olaraq 1000 dəfə dövr etməsini təmin edir.


Ürək xarici görünüşcə təxminən yumruğumuz böyüklüyündə olub ətdən ibarət orqandır. Lakin onun fəaliyyətini düşündüyümüz zaman dünyada ən güclü, ən uzunömürlü və ən sərfəli iş mexanizmi olduğu üzə çıxır. Ürəyin gücünü bu formada ifadə etməyimizin səbəbləri çoxdur. Ürək, xüsusilə, fəaliyyətdə olarkən çox böyük güclə çalışır. Bu güc sayəsində ürək qanı üç metr hündürlüyə qədər vura bilər. Ürəyin güclü iş fəaliyyətini daha bir örnəklə göstərə bilərik. Ürək bir saat ərzində orta ölçülü avtomobili yerdən bir metr hündürlüyə qədər qaldıracıq enerjiyə malikdir.

 

 

 

 

Ürəkdəki orijinal nasoslar

Şəkildə də gördüyünüz kimi, yumruq böyüklüyündə əzələdən təşkil olunmuş ürək iki hissədən ibarətdir. Bu hissələrdə iki ayrı nasos var. Sol tərəfdə olan nasos daha güclüdür və təmiz qanı orqanizmə vurur. Sağ tərəfdəki isə daha zəif nasosdur və çirkli qanı ağciyərlərə doğru vurur. Ürəkdən ağciyərlərə doğru olan bu yol qısa olduğu üçün “kiçik qan dövranı”, digəri isə “böyük qan dövranı” adlanır.

 

Ürəyin bu iki hissəsi də iki hissəyə ayrılır. Bu hissələr arasındakı qan qapaqcıqlar vasitəsilə bir hissədən digər hissəyə keçir. Bu nasoslar fasiləsiz olaraq fəaliyyət göstərir. Bunun sayəsində gün ərzində damarlarımızdakı qan 1000 dəfə dövr etmiş olur.

 

 

 

Ürəyimiz öz qayğısına özü qalır

Daimi fəaliyyət göstərən mexanizmlərin müntəzəm qayğıya ehtiyacı var. Mexanizmi təşkil edən hissələr baxışdan keçməli və ya köhnəlmiş hissələr dəyişdirilməlidir. İşləyən mexanizmləri müəyyən vaxtdan sonra yağlamaq lazımdır, yoxsa bu hissələr hədsiz sürtünmə nəticəsində sıradan çıxa bilər.

 

Mexanizmlərdə olduğu kimi fasiləsiz fəaliyyət göstərən ürəyin də qayğıya ehtiyacı var. Lakin ürək öz qayğısına özü qalır, belə ki, özü-özünü yağlayır.

 

Bəs sizcə, ürək özü-özünü necə yağlayır? Bu sualın cavabı ürəyin yaradılışında gizlidir. Ürək xaricdən ikiqatlı örtükdən ibarət olan qişa ilə əhatə olunmuşdur. Bu iki qatın arasında selikli maye olur. Bu maye mühərrik yağı kimi funksiya daşıyır və ürəyin fəaliyyətini asanlaşdırır. Ürəkdəki öz-özünü qoruyan bu quruluş bizə Allahın yaradıcılığının nə qədər mükəmməl və qüsursuz olduğunu bir daha sübut edir.