Yediyimiz qidalarin orqanizmdə dövr etməsi

Orqanizmimizin fəaliyyəti üçün lazım olan enerjini müxtəlif qidalardan alırıq. Lakin makaron, ət və ya banan kimi qidaların orqanizm tərəfindən istifadə edilə bilməsi üçün ilk olaraq bu qidalar həzm edilməlidir. Qidalar həzm edildikdən sonra artıq orqanizmin hüceyrələri onlardan istifadə etməyə başlayır. Bananda və ya almada olan şəkər hüceyrələrinizi qidalandırır və enerjinizi artırır, ətin tərkibində olan protein isə hüceyrələrinizin inkişaf etməsinə, yəni orqanizminizin böyüməsinə səbəb olur. Bunu dərk etmək üçün bir qədər keçmişə gedib yenicə dünyaya gəldiyiniz vaxtı xəyalınıza gətirin.

 

Yeni doğulduğunuz zaman təxminən 2-3 kiloqram ağırlığında idiniz. 10 yaşında 30-35, 15 yaşında 40-45, 20-25 yaşında isə 50-60 kiloqram olacaqsınız.

 

Aradakı bu çəki fərqinin səbəbi yediyiniz qidaların tərkibindəki maddələrin müəyyən zaman keçdikdən sonra orqanizmə əlavə olunmasıdır. Bu qidaların bir hissəsi sizin velosipedə minməyiniz, qaçıb oynamağınız üçün lazım olan enerjini təmin edir, digər hissəsi isə orqanizminizə əlavə olunur və ətinizi, sümüyünüzü əmələ gətirir. Yerdə qalan lazımsız hissəsi isə bədəndən xaric olunur. Beləliklə, bütün bu proseslər həzm sisteminizdə baş verir. Mədə, bağırsaqlar və mədəaltı vəzi kimi orqanlar həzm sistemində əsas rol oynayır.

 

Həzm sisteminin fəaliyyəti neftayırma zavodlarının fəaliyyət prinsipinə bənzəyir. Neftayırma zavodlarına xammal kimi gələn neft qurğular vasitəsilə təmizlənərək istifadəyə verilir. Yediyimiz qidalar da mədəmizə xammal kimi daxil olur və orqanizmin ondan istifadə etməsi üçün müxtəlif mərhələlərdən keçir. Mədə və bağırsaqlarda həzm olunan qidalar hüceyrələrin qidalanacağı hala gəlir və qan damarları yolu ilə bütün qidalar ehtiyac olan yerə doğru hərəkət edir.

 

Neftayırma zavodlarında bir maddə müəyyən üsullarla müxtəlif məhsullara - avtomobilləri hərəkətə gətirən benzinə və ya idman ayaqqabısının rezin hissəsinə çevrilirsə, yediyimiz məhsulların içindəki qidalar da mədənin ehtiyacına görə yağ, şəkər və karbohidrat olaraq çox kiçik hissələrə ayrılır. Lakin unutmayın ki, siz dadlı bir sendviç yedikdən sonra mədənizdə gedən proseslər neftayırma zavodunda baş verənlərdən daha mürəkkəbdir. Bundan əlavə bir azdan oxuyacağınız bu hadisələr neftayırma zavodu kimi nəhəng bir yerdə deyil, orqanizmimizin kiçik bir hissəsində baş verir.

 

Orqanizmimizdə həzm proseslərinin getdiyi yol cəmi 10 metr uzunluğundadır. Bu isə insan boyundan 6-7 dəfə hündür ölçü deməkdir ki, belə bir uzunluğun orqanizmimizə yerləşdirilməsi də qeyri-adi haldır. Belə uzun kanal orqanizmimizə necə yerləşdirilmişdir? Beləliklə, bu sualın cavabı orqanizmimizin yaradılmasında xüsusi nizam olduğunu bir daha sübut edir.

 

Həzm borusu orqanizmimizə qıvrılmış formada yerləşdirildiyi üçün uzun olmasına baxmayaraq, kiçik bir sahəni tutur. Bu xüsusi plan hər şeyi yaradan Rəbbimizin qüsursuz planıdır. Həzm sisteminin bu xüsusiyyəti Allahın orqanizmimizdə yaratdığı möcüzələrdən yalnız biridir.

 

 

 

Dişlərinizin görünüşcə nə üçün bir-birindən fərqli olduğunu bilirsinizmi?

Bunun səbəbi dişlərin hər birinin öz müxtəlif funksiyasının olmasıdır. Məsələn, ön dişləriniz iti olduğu üçün almanı asanlıqla dişləyə bilirsiniz. Bəs arxadakı azı dişləriniz öndə olsaydı? Bəli, doğru düşündünüz. Bu halda almanı azı dişlərinizlə kəsə bilməzdiniz. Həmçinin kəsici ön dişləriniz də ağzınızın arxa hissəsində olsaydı, bu dəfə də yediyiniz qidanı çeynəyə bilməyəcəkdiniz.

 

Orqanizmimizin hər bir hissəsində olduğu kimi ağzımızdakı dişlər də Allahın qüsursuz yaratması ilə bizim üçün ən sərfəli şəkildə düzülmüşdür.

 

 

 

 

Dilinizin arxasında faydalı bakteriyalar var

Bakteriyalar əsasən zərərlidir və onların zərərli təsirindən qorunmaq üçün həm orqanizmin, həm də ətrafın təmizliyinə diqqət yetirilməlidir. Lakin alimlər son illərdə zərərli bakteriyalarla yanaşı zərərsiz bakteriyaların da mövcud olduğunu kəşf ediblər. Bəli, səhv oxumadınız, orqanizminizdə sizin üçün faydalı olan bakteriyalar da var. Dilinizin arxa hissəsindəki bu bakteriyaların vəzifəsi mədəmizdəki zərərli mikrobları yox etməkdir. Lakin əlbəttə ki, bu mikrobların yox edilməsi asan deyil. Bunun üçün mərhələli proseslər baş verir. Ən əvvəl bakteriyalar qəbul etdiyiniz yaşıl yarpaqlı qidaların, məsələn, salatın içində olan “nitrat” adlı maddəni dilinizin arxa hissəsində “nitrit” adlı başqa bir maddəyə çevirir. Lakin proses bununla bitmir. Bu dəfə  ağız suyu nitritlə birləşdiyi zaman mikroböldürücü təsiri olan başqa bir maddəyə çevrilir.

 

Beləliklə, dilinizin arxa hissəsindəki bakteriyalar sayəsində ağızda mikroböldürücü maddə əmələ gəlir. Bildiyiniz kimi, mikroblar orqanizmdə müxtəlif xəstəliklərə şərait yaradır. Elə bu mikroböldürücü maddəni ifraz edən zərərsiz bakteriyalar sayəsində çoxlu xəstəlikdən qorunmuş olursunuz. Bu zərərsiz bakteriyalar da orqanizmimizi mükəmməl şəkildə yaradan Rəbbimizin bizə olan şəfqətinin göstəricilərindən biridir. Allah bizə bir çox gözəllik və nemətlər vermişdir və bir Quran ayəsində də Allah bu nemətlərin çoxluğunu belə bildirir:

 

“Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən Allah bağışlayan və rəhm edəndir!” (Nəhl surəsi, 18)