Gözlə görünməyən nəhəng müəssisə: hüceyrə

Hər bir yetkin insanın orqanizmində cəmi 100 trilyona yaxın hüceyrə var. Lakin bu hüceyrələr çox kiçik olduqlarından bizim orqanizmimiz nəhəng ölçüdə deyil. İndi verəcəyimiz örnəkləri oxuduğunuz zaman hüceyrələrin nə qədər kiçik olduğunu biləcəksiniz. Orqanizmimizdə bir milyon hüceyrə birləşəndə yalnız iynə ucu qədər yer tutur. Bu qədər kiçik olmasına baxmayaraq, hüceyrənin hansı quruluşa malik olması hələ tam məlum deyil. Alimlər hüceyrənin içindəki sistemləri hələ də araşdırır.

 

Sizin orqanizminizi təşkil edən ilk hüceyrə ata və ananızdan gələn bir ədəd hüceyrənin ananızın orqanizmində birləşməsi ilə əmələ gəlir. Bu hüceyrə fasiləsiz olaraq bölünür və bir müddət sonra əvvəlcə kiçik bir ət parçası şəklinə düşür. Sonra bu ət parçasını təşkil edən hüceyrələr də bölünməkdə davam edir və orqanizminiz tədricən formalaşmağa başlayır.

 

Əmələ gələn hər yeni hüceyrəniz başqa bir forma alır. Biri qan hüceyrəsi, digəri sümük hüceyrəsi, başqa biri isə sinir hüceyrəsi funksiyasını daşıyır. Orqanizmimizdə   bir-birindən fərqli şəkildə 200 növ hüceyrə var. Əslində, bu hüceyrələrin hamısı eyni hissələrdən təşkil olunur, lakin müxtəlif funksiyaları yerinə yetirirlər. Məsələn, şəkildə də gördüyünüz kimi, ayaqlarınızdakı əzələ hüceyrələri sizin hərəkət edə bilməyiniz və qaça bilməyiniz üçün hörülmüş kəndir formasındadır. Bu quruluşları sayəsində siz topla oynayarkən ayağınızdakı və ya qolunuzdakı əzələlər həddən artıq dartıldığı zaman qırılmır. Qan hüceyrələriniz isə kürəcik formasındadır. Bu hüceyrənin vəzifəsi bədən üçün lazımlı olan oksigeni damarlar vasitəsilə daşımaqdır. Bu forması sayəsində oksigenlə birlikdə qan damarları ilə asanlıqla axıb gedirlər. Dəri hüceyrələriniz də sıx şəkildə bir sırada düzülmüşlər. Beləliklə, dərimiz mikrobları və suyu keçirmir.

 

Bu hüceyrələr kimi, digər bütün hüceyrələr də tamamilə funksiyalarına uyğun formaya malikdir. Lakin təbii ki, onların bu formada olmaları təsadüfi deyil. Kompyuterləri, avtomobilləri və ya təyyarələri xatırlayın. Bu aparat və mühərriklərin formasını, onların işləməsi üçün lazım olan sistemlərin layihəsini hazırlayan bir insan var. Bütün detalları bu aparatları istehsal edən firmanın texniki işçiləri fikirləşir və planlaşdırırlar. Avtomobillər sərnişinlərin ən rahat və təhlükəsiz şəkildə hərəkət edəcəyi, televizorlar isə görüntünü və səsi ən keyfiyyətli şəkildə tamaşaçıya çatdıracaq şəkildə istehsal edilir. Bunları yalnız texniki alətlərə deyil, həmçinin bütün əşyalara aid etmək olar. Masa, stul, yaşadığınız bina, istifadə etdiyiniz qələm, yemək yediyiniz qaşıqlar, çəngəllər... Bütün bunlar müəyyən layihənin məhsuludur. Hər birinin detalları incəliyinə qədər hesablanıb, heç biri təsadüfən ortaya çıxmayıb. Bildiyiniz kimi, planın və nəticədə də məhsulun ortaya çıxması üçün ağıl olmalıdır.

 

İndi həmin örnəyi orqanizmimizdə olan hüceyrələr haqqında düşünək. Hüceyrələrimiz televizordan və ya başqa bir texnoloji alətdən daha ideal plana və iş rejiminə malikdir. Bundan əlavə, qeyri-adi xüsusiyyətləri olan bu hüceyrələrimiz həm də canlıdır. Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, alimlər bu kiçik varlıqların içində olan möcüzəvi sistemi hələ də tam kəşf edə bilməyiblər.

 

Yəqin ki, kiçik bir sahədə insan ağlının dərk etmədiyi belə planın necə mümkün olduğunu düşünmüsünüz, elə deyilmi?

 

Bütün bunlar hüceyrələrimizi çox üstün bir ağıl sahibinin planlaşdırıb yaratdığını bizə bir daha sübut edir. Bu üstün ağıl sahibi bizi bütün orqanizmimizlə qüsursuz şəkildə yaradan Allahdır.