Sümüklərdən təşkil olunmuş skeletimiz

Orqanizmimizdə cəmi 206 ədəd sümük var. Bu qədər sümüyün artıq olduğunu fikirləşə bilərsiniz, lakin indi verəcəyimiz örnəklə bu sümüklərin hər birinin nə qədər əhəmiyyətli olduğunu biləcəksiniz. Barmaqlarımızı düşünək. Əgər barmaqlarımız bir sümükdən ibarət olsaydı, siz indi bu kitabı tuta bilməzdiniz. Nə üçün? Çünki düz olan sümüyü bükmək mümkün deyil, təzyiqlə büksəniz sümük sınar. Barmaqlarınızı bükə bilmədiyiniz üçün də əşyaları toplamağınız, bir yerdən tutmağınız, yazı yazmağınız, yemək yeməyiniz mümkün olmazdı. Hal-hazırda bu kitabı asanlıqla saxlaya, hətta bir tərəfdən də meyvə suyunu içə bilməyinizin səbəbi əlinizdə - barmaqlarınızdakılarla birlikdə - bir-birinə bağlı 27 sümüyün olmasıdır.

 

Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, orqanizmimizdə əlimizdə olduğu kimi bir-birinə bağlı cəmi 206 sümük var. Bu sümüklərin hamısı da öz yerlərinə şüurlu şəkildə yerləşdirilmişdir. Bu ideal quruluş sayəsində irəliyə tərəf əyilə, dizlərinizi bükə, başınızı yanlara doğru döndərə bilirsiniz. Lakin bütün bunları yalnız sümükləriniz vasitəsilə də etməyiniz mümkün deyil. Çünki sümüklər əyilib-bükülmür. Bu hərəkətlər üçün sümüklərin bir-birinə bağlandığı yerlərdə oynaqlarımız yerləşir. Oynaqlar vasitəsilə asanlıqla qolumuzu bükür, ayağımızı qaldırır, barmaqlarımızı hərəkət etdirə bilirik.

 

Oynaqların rolunun nə qədər əhəmiyyətli olduğunu daha yaxşı dərk etmək üçün belə bir nümunəyə baxaq. Taxtadan gəlincik hazırladığınızı təsəvvür edin. Bu gəlinciyin öz qollarını hərəkət etdirməsi üçün nə etməliyik? Əlbəttə ki, çiyinlə qolun birləşdiyi yerə hərəkət edə bilən bir hissə birləşdirmədən gəlinciyin qollarını oynatması mümkün deyil. Bəs ayaqlarını necə mütəhərrik vəziyyətə gətirəcəksiniz? Bunun üçün də ayaqla gövdə arasında hərəkət edən hissədən istifadə olunmalıdır. Yalnız bu halda taxta gəlinciyin qollarını və ayaqlarını hərəkət etdirə bilərsiniz. Həmçinin qol və ayaq hazırlayarkən istifadə etdiyiniz hissələrdə olan taxtaları iki yerə bölməklə aralarına hərəkətli hissələr əlavə etsəniz, gəlinciyin qolları dirsəkdən, ayaqları da dizlərdən büküləcək. Bu sadə misaldan da gördüyünüz kimi, sümüklərinizin sayının çoxluğu və aralarında müvafiq yerlərə oynaqların yerləşdirilməsi bizim rahat hərəkət etməyimiz üçündür.

 

 

 

Sümüklərin təqlid və təkrar edilə bilməyən xüsusiyyətləri

Sümüklərinizin arasındakı oynaqların müxtəlif növləri var. Bəzi oynaqlar sümüklərin irəli-geri hərəkət etməsi, digərləri isə yanlara doğru hərəkət etməsi üçündür. İndi isə oynaq və sümüklərin daxili hissəsinə diqqət yetirərək onları daha yaxından incələyək.

 

Sümüklər orqanizmin hərəkəti və müdafiəsi kimi mühüm funksiyaları daşıyır. Buna müvafiq olaraq bu çətin vəzifələrini yerinə yetirə biləcəkləri həcmdə və möhkəmlikdə yaradılmışlar.

Sümüklərimizin içi arı pətəkləri kimi oyuqlardan ibarət olduğu üçün onlar yüngüldür. Bu oyuqşəkilli quruluş sayəsində yüngül olmalarına baxmayaraq, çox sərtdirlər. Lakin bu sərtlik onların kövrək olması demək deyil. Əksinə, elə sərtdirlər ki, metaldan 5 dəfə çox möhkəmdirlər. Məsələn, ayaqlarımızdakı bud sümüyü düz dayanarkən 1 ton ağırlığı qaldıracaq nəhəng gücə malikdir. Yeriyərkən hər bir addımınızda bu sümüyə bədən çəkinizdən 3 dəfə artıq yük əlavə olunur, lakin sümüklərinizin möhkəmliyi sayəsində siz heç nə hiss etmirsiniz.

 

Bəs sümüklərinizi belə möhkəm edən nədir? Əslində bu sualın cavabı yuxarıda quruluşundan qısaca bəhs etdiyimiz sümüklərin bənzərsiz yaradılışında gizlənir. Sümüklərin daxili quruluşu arı pətəyi kimi qəfəs formasındadır. Bunun sayəsində sümüklər həm son dərəcə möhkəm, həm də asan hərəkət etdiriləcək şəkildə yüngüldür. Əgər bunun əksi olsaydı, yəni sümüklərin içi də üstü kimi sərt və tam dolu olsaydı, bu zaman sümüklər ağır olardı. Eyni zamanda heç bir yumşaqlığı da olmadığı üçün, məsələn, qolunuzu yüngülcə dolabın kənarına toxundursanız, sümüyünüz sına və ya çatlaya bilərdi. Lakin Allah çox mərhəmətlidir və sümüklərimizi bizim üçün rahat, zərər çəkməyəcəyimiz bir formada yaratmışdır.

 

Sümüklər alimlərin çox əhəmiyyət verdiyi və bənzərini yaratmaq üçün illərlə üzərində araşdırma apardığı bir maddədən ibarətdir. Çox yüngül olmalarına baxmayaraq, çox möhkəm və əsasən də özünü yeniləmək qabiliyyətinə malik olan bu maddə öz-özünə artaraq böyüyür. 4-5 yaşınızda olan boyunuzla indiki boyunuzun və 19-20 yaşındakı boyunuz arasındakı uzunluq fərqinin eyni olmamasının səbəbi sümüklərinizin böyüməsidir. Bundan əlavə bu böyümə olduqca mütənasibdir. Ayaqlarınız böyüyərkən qollarınız da böyüyür, əl və ayaq barmaqlarınız uyğun olaraq böyüyür və müəyyən vaxtda bütün sümüklərinizdə böyümə dayanır. Həm də bu yalnız sizdə yox, ətrafınızdakı bütün insanlarda baş verən haldır. Hər insan bu xassəli sümüklərə malikdir.

 

Alimlər insan orqanizmindəki sümükləri təşkil edən maddəyə bənzəyən maddə hazırlamaq üçün araşdırmalar aparır. Lakin bu günə qədər heç kim belə ideal xüsusiyyətləri olan maddə düşünüb hazırlaya bilməmişdir.

 

Rəbbimizin mərhəməti ilə sümüklərimiz bizim çox rahat həyat tərzi keçirməyimizə, ən çətin hərəkətləri də asanlıqla yerinə yetirməyimizə və ağrısız hərəkət etməyimizə imkan verir.

 

 

 

 

Sümüklərimiz öz qayğısına özü qalır

Sümüklərin bir-birinə birləşdiyi yerlərdə oynaqların olduğunu qeyd etmişdik. Məsələn, dirsək və dizlərimizi burada yerləşən oynaqlar vasitəsilə bütün həyatımız boyu daim büküb-açırıq. Bu oynaqlar həyat boyunca hərəkət etdikləri halda, onların yağlanmağa ehtiyacı olmur. Halbuki eyni şəkildə işləyən mexanizmlərin mütəmadi olaraq qayğıya ehtiyacı var. Məsələn, velosipedinizin pedallarını və ya zəncirini müəyyən məsafə getdikdən sonra yağlamalısınız, çünki işlədikcə buradakı yağ azalır və hərəkət çətinləşir. Buna bənzər şəkildə sümük uclarındakı oynaqlar da daim işləyir, lakin onların yağlarını dəyişməyiniz lazım olmur. Nə üçün?

 

Beləliklə, alimlər bu sualın cavabını araşdırmış və belə bir faktı müəyyən etmişlər: oynaqların səthi incə və kiçik dəliklərlə örtülmüşdür, səthin alt hisəsində isə sürüşkən maye var. Sümük oynağa sıxılanda bu maye dəliklərdən çıxır və oynağın üzərini “yağ kimi” sürüşkən edir.

 

Bütün bunlar insan bədəninin nə qədər yüksək quruluşda yaradılmış olduğunu bir daha sübut edir. Biz də bu ideal quruluş sayəsində müxtəlif hərəkətləri sürətlə və rahatlıqla edə bilirik. Sümüklərimizin bu xüsusiyyətini də Rəbbimiz yaratmışdır. Allah Quranda insanı sümüklərin yaradılması haqqında düşünməyə belə dəvət edir:

 

“...Sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da necə onların üzərini ətlə örtürük?” (Bəqərə surəsi, 259)