Nəfəs borusunda düzgün istiqaməti müəyyənləşdirən tükcüklər

Burunda təmizlənən hava tənəffüsün sonrakı mərhələsində orqanizmdə daha aşağıya doğru enir. Havanın burundan sonra keçəcəyi sahə nəfəs borusudur. Qəbul olunan havanın içində hələ də orqanizm üçün zərərli olan toz kimi yad maddələr var. Bunun üçün qəbul etdiyimiz hava ağciyərlərə çatmazdan əvvəl bir daha təhlükəsizlik nəzarətindən keçməlidir. Bu təhlükəsizliyi təmin edən əza bütün nəfəs yollarının üzünü örtən sürüşkən təbəqədir. Bu təbəqəyə selikli qişa təbəqəsi deyilir.

 

Bu təbəqəni təşkil edən selikli maddə hava ilə birlikdə udduğumuz toz kimi maddələri də saxlayaraq onların ağciyərlərə daxil olmasının qarşısını alır. Lakin yad maddələrin yalnız selikli qişa tərəfindən saxlanması kifayət deyil, bundan əlavə toplanan yad maddələr orqanizmdən xaric edilməlidir. Buna görə də başqa bir təhlükəsizlik mexanizmi fəaliyyətə başlayır. Bu təhlükəsizlik mexanizmi nəfəs borusunun içəri tərəfini örtən xov adlı tükcüklərdir. Bu tükcüklər nəfəs borusundan yuxarıya, yəni ağzımıza doğru daim hərəkət edirlər. Buna küləkli ərazidə buğda sünbüllərinin bir tərəfə doğru hərəkət etməsini misal göstərmək olar. Bu tükcüklərin fasiləsiz olaraq ağzımıza doğru hərəkət etməsi nəticəsində yad maddələri saxlayan selikli qişa təbəqəsi də nəfəs borusu ilə yuxarıya doğru hərəkət edir.

 

Bu yad maddələr yuxarıya doğru çıxıb boğazımıza çatdığı zaman təbii olaraq udqunma hissi əmələ gəlir. Beləliklə də bizə zərər verəcək yad maddələr udularaq mədəyə ötürülür və mədə turşusunda parçalanıb yox edilir. Nəfəs borumuza yerlədirilmiş bu tükcüklərin görmək üçün gözləri, düşünmək üçün isə beyinləri yoxdur. Lakin özlərindən kilometrlərlə uzaqda olan udlağın yerini müəyyən edə bilirlər. Bundan başqa yad maddələrin zərərli olduğunu bilib onların orqanizmə daxil olmasının qarşısını alırlar. Alimlər illərlə araşdırma aparsa da bu tükcüklərin fəaliyyət mexanizmi tam öyrənilməyib. Lakin yaddan çıxarmayın ki, insanların hələ də sistemini anlaya bilmədiyi bu tükcüklər orqanizmimizdəki digər orqanlar kimi ilk insan yaranandan etibarən qüsursuz olaraq fəaliyyətdədir.

 

Nəfəs aldığımız hava nə üçün əhəmiyyətlidir? Nə üçün bir müddət nəfəs almadıqda insan ölür? Bu suallara belə cavab verək. Orqanizmimizi təşkil edən hüceyrələrin əsas qidası oksigendir. Hal-hazırda əlinizdəki bu kitabı tuta bilmək üçün əlin əzələ hüceyrələri fasiləsiz olaraq oksigenlə qidalanır. Buna görə də nəfəs almağımız əsas şərtdir.

 

 

 

 

Udduğumuz hava artıq ağciyərlərdədir...

Nəfəs aldıqdan sonra nəfəs borusundan ağciyərlərə gələn təmizlənmiş və rütubəti nizamlanmış hava artıq istifadəyə yararlı haldadır. Hava ağciyərlərdən qan vasitəsilə orqanizmin hər yerinə gedir və onları qidalandırır. Eyni zamanda da hüceyrələrdəki artıq maddə olan karbon qazını götürür. Hüceyrələrdə toplanan bu karbon qazı biz nəfəsimizi verərkən orqanizmimizdən xaric olunur.

 

Uşaqlar, beləliklə, ola bilsin ki, siz nəfəs alıb-verməyə sadə proses kimi baxırsınız, lakin bu zaman orqanizminizin ən uzaq yerlərində oksigen-karbon yerdəyişməsi baş verir. Bütün bunlar Allahın planlı şəkildə yaratdığı və bizim ixtiyarımıza verdiyi nemətlərdir. Düşünün, yalnız nəfəs almağınızı özünüz tənzim etməli olsaydınız, bunu heç səhv etmədən və qarışıqlıq salmadan edə bilməzdiniz. Bir yerdə yorular və bundan imtina edərdiniz. Bütün bunlara gücümüz çatmayacağı üçün Rəbbimiz bizə kitab boyu bəhs etdiyimiz digər orqanlarımız kimi qüsursuz fəaliyyət göstərən tənəffüs sistemi vermişdir. Bu, Allahın dünyada bizə verdiyi nemətlərdən biridir. Allah bir ayədə belə buyurur:

 

“Allah sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən insan çox zalim, həm də çox nankordur. “ (İbrahim surəsi, 34)